Meşəli kəndi Xocalının ən dilbər guşələrindən biridir. Bu yurdun insanları qonaqpərvər, mehriban, zəhmətkeş, etibarlı insanlardır. Meşəlinin igid övladları düşmənlə layiqli mübarizə aparmışdır. Kənd 28 nəfər şəhid verib. Öz yurd-yuvalarından didərgin düşən Meşəli kənd sakinləri doğma dədə-baba torpaqlarının həsrətilə yaşayırlar. Hal-hazırda kənd sakinləri Goranboy rayonunun Meşəli kəndində salınmış yeni qəsəbədə məskunlaşıb. Xocalı rayon Meşəli kənd tam orta məktəbi də artıq 10 ilə yaxndır ki, öz fəaliyyətini burada uğurla davam etdirir. Bu məktəbin pedaqoqları hər il savadlı, vətənpərvər məzunlar hazırlayırlar.
Məktəbə 28 ildir ki, Alışov Alış Musa oğlu rəhbərlik edir. Alış Alışov 1950-ci ilin oktyabr ayının 15-də Meşəlidə dünyaya göz açmışdır. 37 illik pedaqoji stajı var. Sadəliyi, yüksək idarəçilik qabiliyyəti ilə seçilən Alış müəllim rəhbərlik etdiyi məktəbin uğur qazanması üçün bütün bacarığından istifadə edir. Məktəbə daxil olarkən məsuliyyətli iş rejiminin olduğu hiss olunur. Əlbəttə, müəssisə rəhbəri yaxşı olarsa, özü işinə məsuliyyətlə yanaşarsa, bu xüsusiyyətlər əhatəsində olan işçilərə də sirayət etmiş olar. Köçkünlük şəraitində yaşadığımız üçün gələcək nəsillərə doğma yurd yerlərimiz, Milli Qəhrəmanlarımız, şəhidlərimiz haqqında məlumatlar çatdırmaq, vətənpərvərlik ruhunda tərbiyə etmək çox vacib məsələdir. Meşəli məktəbinin dəhlizində və divarlarında şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları rəsm əsərləri, Meşəli şəhidlərinin siyahısı, Milli Qəhrəmanlarımız haqqında guşələr, stendlər vurulmuşdur. Şagirdlərin məktəbə gəlişi davamiyyətlidir. 2016-2017-ci dərs ilində Meşəli məktəbinin əlaçı şagirdlərinin sayı 24 olub. Ali məktəbə qəbulun nəticəsinə görə Meşəli kənd tam orta məktəbi fərqlənmişdir. Rayon üzrə ən yüksək balı, məhz bu məktəbin məzunu Həsənov Qərib Vaqif oğlu toplamışdır. O, 652 balla Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşdur. Hazırda Meşəli kənd tam orta məktəbində işləyən kadrların 80 faizi məktəbin öz məzunlarıdır.
Meşəli kənd tam orta məktəbinin şagirdləri müsabiqə və yarışların rayon və respublika mərhələlərində fəal iştirak edirlər. 2016-2017-ci tədris ilində məktəbin XI şagirdi Həsənov Qərib Vaqif oğlu "Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsində II yeri tutmuşdur. Məktəbin VIII sinif şagirdi Əzimov İlham Teymur oğlu fənn müsabiqəsinin respublika mərhələsində fəal iştirak etmişdir. X sinif şagirdi Nurməmmədova Vəfa Tahir qızı Ulu Öndərə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsində III yerə layiq görülmüşdür.
Alış Alışov 1988-1992-ci illlərdə Meşəli kəndinin erməni terrorçularından müdafiə olunması üçün kənd özünümüdafiə batalyonunun təşklində, dinc əhalinin qorunmasında fəallıq göstərmişdir. Alış müəllim başl leytenant rütbəsi ilə özünümüdafiə batalyonu komandirinin müavini vəzifəsində döyüşmüş və yaralanmışdır. O, direktorluq fəaliyyəti dövründə məktəbin təlim-tərbiyə işini günün tələbləri səviyyəsində qurmuş, müəllim, valideyn və şagirdlər arasında böyük hörmət və nüfuz qazanmış, rayonun ictimai işlərində yaxından iştirak etmişdir. Məktəb direktorunun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və ölkə Prezidenti İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə o,"Tərəqqi" medalına layiq görülmüşdür. Rəhbərlik etdiyi məktəbin uğurlarına görə Xocalı rayon Təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir.
Alış müəllimi doğum günü münasibətilə təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, bundan sonrakı fəaliyyətində də uğurlar qazanmağını arzulayırıq. Zəhmətkeş, təvazökar bu insanla Meşəlidən söz açarkən tez-tez doğma yurdunun yuxusuna gəldiyini və hər gün o yerlərin həsrəti ilə alışıb-yandığını söyləyir. Alış müəllimə Meşəlinin füsunkar təbiətini yenidən görməyini, şəffaf bulaqlarından içməyini və o torpaqlarda həzin səsi ilə nəğmələr oxumağını Allah bir daha nəsib etsin. Amin!
Qalib BƏYMƏMMƏDOĞLU